Qaxın İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 10-15 santimetrə çatır

00:59 | 23 Noyabr, 2019

Noyabrın 22-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazilərinə daha çox qar yağıb. Hazırda İlisu kəndində qarın qalınlığı 10 santimetr, Sarıbaşda isə 15 santimetr təşkil edir.

Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İlisu kəndi istiqamətində nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülür, avtomobil yolları qardan təmizlənir. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Hazırda rayonun dağlıq ərazilərinə qar yağmaqda davam edir.

Facebookda şərh edin