Çindən gətirilən tinglərin 25 min ədədi Qax rayonu ərazisində əkiləcək

18:53 | 9 Dekabr, 2019

Qax rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İntensiv tipli yeni tut bağlarının salınması məqsədilə bir müddət əvvəl Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 25 mini bölgü əsasında Qax rayonuna göndərilib. Tinglər müraciət edən torpaq mülkiyyətçilərinə əvəzsiz olaraq paylanılır.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda təsərrüfatlarda tut tinglərinin əkini davam edir.

Ümumiyyətlə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 286,5 min ədəd tut tingi əkilib. Bunun 160 minini Çindən gətirilən tinglər təşkil edib. Builki mövsümdə rayonda 29 ton 824 kiloqram yaş barama istehsal olunub. Məhsul istehsalı ötən illə müqayisədə 4 ton 513 kiloqram artıb.

Facebookda şərh edin