Yeni ilin gəlişi Qaxda böyük ruh yüksəkliyi ilə qeyd olunur

15:36 | 29 Dekabr, 2019

Respublikamızın hər bir guşəsində olduğu kimi, Qax rayonunda da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar bayramlar münasibətilə dekabrın 29-da Qax şəhərinin mərkəzindəki meydanda ümumrayon şənliyi keçirilib.

Bayramsayağı bəzədilən meydanın mərkəzində keçirilən tədbirdə yola saldığımız 2019-cu ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin bir il olduğu xüsusi vurğulanıb.

Şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür. Bu tarix Vətəndən uzaqlara səpələnmiş soydaşlarımıza bir gün də olsa qürbət nisgilini unutduran gündür.

Qeyd olunub ki, müstəqil Azərbaycanın bugünkü inkişaf sürəti, bütün sahələrdə qazanılan uğurlar ölkəmizin parlaq, xalqımızın xoşbəxt gələcəyindən xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər görülən işlər bir daha göstərir ki, müasir dövrümüzün hər günü tərəqqi salnaməsidir. Bu tərəqqini, inkişafı Qax rayonunun simasında da aydın görmək olar.

Yeni ilin personajları – Şaxta baba və Qar qızın şənliyə gəlişi hamının, xüsusilə də uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba şənlik iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqları bayram hədiyyələri ilə sevindirib.

Bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin, həmçinin paytaxtdan gəlmiş ifaçıların rəngarəng konsert proqramı ilə başa çatıb.

Facebookda şərh edin