Təbiətşünas Azərçin Muradov: “Qırmızı Kitab bizim utanc yerimizdir”

14:48 | 3 Yanvar, 2020

“Bizim ölkədə heç bir xalq, millət assimilyasiyaya uğramayıb. İstəyirəm ki, bu mehribanlığımızı, tolerantlığımızı təbiətə qarşı da edək. Biz bir az dözümlü olaq, ac qalaq ki, heç olmasa, təbiətdə bu yetişsin”

Ta qədimdən, daha dəqiq desək, Paleolit dövründən (təqribən 2,6-2,5 milyon il əvvəl, ən qədim daş dövrü) başlayaraq insanlar ovçuluqla məşğul olublar. Bununla bərabər, dədə-babalarımız heyvanları həm də qorumağa çalışıblar. Öz hisslərini mahnılarla, bayatılarla, digər mədəniyyət və incəsənət nümunələriylə çatdırıblar. Sputnik Azərbaycan İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradovla hazırda ölkədə heyvanların qorunmasında mövcud olan problemləri müzakirə edib.

Bu mövzu müsahibimizin yaralı yeridir desək, yanılmarıq. A.Muradov “Qırmızı kitab”ı ölkəmizin üz qarası adlandırıb: “Azərbaycanda ov statusu olan elementlər var, ancaq təsəvvür edin ki, onların da düzgün monitorinqi keçirilməlidir ki, bu nə qədərdir və hansı xüsusi ov üçün icazə verilən ərazilərdə ov etmək olar. Maarifləndirmə olsaydı, tədris olsaydı, başa düşərdilər ki, Azərbaycanın “Qırmızı kitabı”na 200-dən çox heyvan növü, 300-dən çox bitki növü daxildir. Bu boyda xüsusi müasir statusu olan flora və fauna elementləri olan ölkədə başqa bir münasibətin olması heç də düzgün deyil. Daha doğrusu, bizim əhalimizin bu günə qədər olan münasibətsizliyidir ki, bu vəziyyətə gəlib çıxıb. Ancaq Azərbaycanın geofiziki şəraiti, təbiəti, landşaftı o qədər zəngindir ki, o heyvanları populyasiya səviyyəsində yox, növ səviyyəsində az da olsa qoruyub saxlayıb. Növ zənginliyi var, ancaq populyasiyaların (populyasiya nəsil deməkdir, hər hansı növün sayı) dayanıqlığı, böyüklüyü, yetərliliyi yoxdur. Yetərliliyin olmaması da nəslin tükənməsinə, “Qırmızı kitab”a düşməsinə səbəb olub. “Qırmızı kitab” bizim utanc yerimizdir ki, biz bunları qoruyub saxlaya bilmirik, nəsilləri tükənib”.

İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu

Qurum rəsmisinin sözlərinə görə, bir sıra heyvanların Azərbaycan landşaftında yenidən bərpa olunması üçün müəyyən addımlar atılıb: “Avropada, Qərb ölkələrində ceyran, cüyür və s. onlar üçün adi elementlərdir, amma bizdə, təəssüf ki, “Qırmızı kitab”a düşüb. Almaniyada, Polşada təkcə avtomobil qəzasında 20 min, 30 min cüyür ölür. Bizdə heç o qədər heyvan yoxdur. Onların yenidən bərpası üçün dövlətimiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizə dəstək olur. Heydər Əliyev Fondu, o cümlədən Leyla Əliyeva çox mükəmməl işlər görüb – həm tədris, həm təbliğat sahəsində. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndələri ilə birlikdə bu günə qədər olan ən böyük layihələri – ceyranların, bizonların Azərbaycan landşaftında yenidən bərpa olunması layihəsini həyata keçiriblər. İndi yenə bir layihə üzərində çalışırıq. Bezuar keçilərinin Böyük Qafqazda, İlisu Dövlət Təbiət Qoruğunda və Qobustan Milli Parkında bərpası layihəsi üzərində çalışırıq”.

Azərbaycanda 2000-ə yaxın bezuar keçisi var. Muradovun sözlərinə görə, bu göstərici olduqca azdır: “Əsas populyasiyası Naxçıvan Muxtar Republikasındadır, bir az da Kəpəz dağı istiqamətindədir. Böyük Qafqaz dağlarında isə İlisu Dövlət Qoruğunda 1990-cı illərin əvvəllərinə qədər biz bezuar keçilərini görmürdük. Çox təəssüf ki, yerli əhalidə olan amansızlıq, yerli ovçuların nəfsinin pisliyi, hər gördüyümüzü mədəyə atmağımız həmin keçilərin sayının azalmasına gətirib çıxarıb. Bizdə məlumatlar var ki, bezuar keçiləri son vaxtlara qədər Qax rayonunda qorunub”.

Qoruq rəsmisi təmsil etdiyi qurumun fəaliyyətindən də bəhs edib: “İlisu Dövlət Qoruğu cavan qoruqlardandır. 1987-ci ildə kiçik bir hissədə yaradılıb. 2003-2004-cü illərdə ərazisi genişlənib. Hal-hazırda rayonun 1/3 hissəsi mühafizə olunan təbiət ərazisidir. 36836 hektar yasaqlıqdır, 17000 hektardan bir az artığı isə qoruq ərazisidir və hər iki xüsusi mühafizə olunan təbiət ərazisi əsasnaməsinə görə, Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri haqda qanunun tələblərinə uyğun olaraq, mühafizə işi həyata keçirilir. Qoruq statusu ən ağır mühafizə statusu hesab olunan mühafizə ərazisidir. Yasaqlıqda qismən təsərrüfat fəaliyyətinə icazə verilməklə orada fauna elementləri qorunur. Təbii landşaftların təbii durumunun bu günə qədər qorunub saxlanılması və zənginləşdirilməsi perspektiv planıdır.

Qoruğumuzda həm Azərbaycan, həm Qafqaz ekoregionu üçün əhəmiyyətli elementlər var ki, istər fauna, istər flora olsun, bunların sayının artması həm də dünya üçün böyük əhəmiyyətə malikdir. Fəaliyyətimizin əsas istiqaməti budur: mühafizə rejimini mükəmməl təşkil etmək, hər hansı kənar müdaxilələrə yol verməmək, qanun pozuntularından insanları yayındırmaq”.

Son dövrlər ölkədə yırtıcı heyvanların yaşayış ərazilərinə yaxınlaşması, insanlara hücum etməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.

“Bunun əsas səbəbi insan faktorudur, – deyən həmsöhbətimiz insanları ətraf mühitə qarşı diqqətli olmağa çağırdı. – Almanlar İkinci Dünya Müharibəsindən sonra tamam müflis olmuşdular. Bu ölkə öz ərazisindəki bütün meşələri məcburi qırdı. Tükənən meşələrdə bioloji müxtəliflik də məhv olur. İri yırtıcılar, iri heyvanlar tamamən məhv olub getdi. Sonradan salınan texniki meşələrdə ən yırtıcı heyvan tülküdür. Hal-hazırda orada nəcib maral, xallı maral, sığın düzən meşəliklərində yaşayırlar. Ancaq bizdə məcburdur ki, hamısı dağlara çəkilsin.

Düzən meşələrimizdə kənarların bağlanması heyvanların miqrasiyası üçün ziyandır. Dağın dibləri əvvəllər örüş otlaq sahələri idi, indi isə hər yeri şəhər etmişik, hündür divarlar çəkmişik, heyvanların keçəsi yeri yoxdur. Ən azından, yırtıcı heyvanların dişindən qurtula biləcək sağlam nəsil fərdləri də gəlir. Artıq bu maneələrdə qaçıb canını qurtara bilmir, yırtıcıların qurbanı olur.

Ən pisi də insanlarımızda məişət tullantılarını idarə etmək qabiliyyəti yoxdur. İstər hökumət strukturları, istər bələdiyyə, bunun öhdəsindən gələ bilmirlər. Bu tullantılar ətraf mühitə atılmasa, bu qədər zərərverici olmaz. Hər yerdə heyvan otar, zibil at, sonra da de ki, ayı niyə hücum etdi”.

Ekoloq sosial şəbəkələrdə ətraf mühitə biganə yanaşmamaları üçün insanlara tez-tez çağırış edir. “İnsanlar düşünürlər ki, mən heyvanları daha çox sevirəm, – deyən A.Muradov insanları heyvanlara, ümumən təbiətə qarşı tolerant olmağa səsləyir. – Heyvanat aləmini insanlardan çox sevmirəm. İnsanımızı daha çox sevirəm, vətənimi, millətimi, dilimi daha çox sevirəm. Həqiqətən, Azərbaycan kimi tolerant ölkə yoxdur. Bizim ölkədə heç bir xalq, millət assimilyasiyaya uğramayıb. İstəyirəm ki, bu mehribanlığımızı, tolerantlığımızı təbiətə qarşı da edək. Biz bir az dözümlü olaq, ac qalaq ki, heç olmasa, təbiətdə bu yetişsin.

İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu

Ağacı qırmamalısan! Avqust ayından qozları çırpmağa başlayırlar. Bəhanə də edirlər ki, “il qabaqlayıb”. Bu, tam absurd fikirdir. Atalar demişkən, yel əssin, qoz tökülsün, get, dibindən yığ. Buna da nəzarət olunmalıdır. İstər meşədən müəyyən istifadə olsun, istər ov olsun, istərsə də ağacın kəsilməsi olsun – bütün bunlar fəaliyyətimizin bir nömrəli düşmənidir. Təbiətdən o vaxt istifadə etmək olar ki, səndə o elementdən çox olsun”.

Qurum rəsmisi deyir ki, ev heyvanlarında olan xəstəliklər vəhşi heyvanlara da yoluxur. Bu, yanğından daha təhlükəlidir: “Azərbaycanda İlisu Dövlət Təbiət Qoruğunda, Qax ərazisində, ova icazə verilmiş ərazilərdə və yasaqlıqlarda təkənin, Şərqi Qafqaz turunun sayı 4000-5000-ə çatırdısa, hal-hazırda 2000-dən azdır. Orada yaşlı, iri buynuzlu heyvanlar var. Nə qədər də öldürülməsini istəməsək də, buna marağı olan insanlar var və külli miqdarda pul verə bilərlər”.

“Almaniyada il boyu ova lisenziya verilir, cüyürü də, maralı da, donuzu da mövsümsüz, nə qədər istəsən, ovlaya bilərsən. O qədər artırıb-çoxaldıblar ki. Əkin sahələri, həyətləri də çoxdur. Bir ildə lisenziya ilə Almaniyada 4000-5000 xallı maral, 70000 nəcib maral ovlanır. Bu, onlarda olan heyvan növlərinin populyasiyasının 25-30%-dən artığı deyil. Siz təsəvvür edin ki, Azərbaycanda da 10 milyon cüyür var. Evlərdən, küçələrdən baxanda hər yerdə cüyür görürsən. Görün necə gözəl bir mənzərə yaranar. Amma biz bu gözəllikdən məhrumuq. Səbəb də budur ki, nəfsimizə qalib gələ bilmirik.

Daha pisi odur ki, bizdə ev heyvanlarının müayinəsini, qan alınmasını sistematik, planlı şəkildə aparmaq əvəzinə başdansovdu edirlər. Ev heyvanlarından təbiətdə olan heyvanlara xəstəlik keçir. Heyvanlarda hər-hansı bir xəstəlik olanda dövlət tərəfindən münasibət bildirilib, tədbirlər görülməlidir. Bu xəstəliklər yanğınlardan da pisdir”,- deyə A.Muradov sözlərinə əlavə edib.

Təbiətşünasın sözlərinə görə, ədəbiyyatımızda və incəsənətimizdə gözəllik simvolu olan ceyran Qafqazda təkcə yalnız Azərbaycanda qorunub saxlanılıb: “Acınohur çölündə ceyranı bərpa etmişik. Azərbaycanda həm ekoloji, həm də beynəlxalq səviyyədə bir öhdəlikdir. Qafqazda ancaq Azərbaycanda ceyran qorunub saxlanılır. Bu, bir növ bizim fəxrimizdir. Vaxtilə Gürcüstanda, Ermənistanda, Şimali Qafqazda da ceyran olub. Hal-hazırda Azərbaycanda, deyilənə görə, 7000-dən çox ceyran var. Əsas populyasiyası Şirvan Milli Parkındadır. Əgər bir zamanlar mərhum akademik Həsən Əliyevin həyəcan təbili olmasaydı, ceyranın mühafizə statusu yaranmasaydı, bu gün bizdə də olmazdı. O vaxtlar Azərbaycanda yarımsəhra və çöllərdə ceyran var idi. Məhv olub, cəmi 200-dən də az ceyran qalmışdı. Həmin vaxtdan bu yana onların sayı 7000-ə çatıb. Bu da Şirvan Milli Parkının, Mingəçevirin ərazisində qorunub saxlanılıb. Lakin bu çox azdır. Epidemiya olsa, oradakı ceyranların hamısı yoxa çıxacaq”.

Ekoloq bildirir ki, 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ETSN layihə həyata keçirib. Layihəyə əsasən, ceyranın reintroduksiyası (əvvəllər həmin biosenozda və ya ekosistemdə mövcud olmuş, lakin nəsli kəsilmiş növün yenidən bərpa olunması) və Qax rayonunun Acınohur ərazilərinə ceyran buraxılması işi həyata keçirilib. Müsahibimiz vurğulayır ki, layihə 9 ildir ki, davam edir: “Bu layihə çərçivəsində 60-dan çox heyvan Şirvan Milli Parkından tutularaq Acınohur ərazisinə gətirilib. Onların bir müddət həm antropogen, həm təbiət, həm adaptasiya problemləri oldu. İqlimin dəyişməsi ilə əlaqədar 2003-2004-cü illərdə ərazilərə heç bir damcı yağış düşmədi, yəni yay mövsümündə su qıtlığı oldu. Ceyran təbiətdə 5-6 il yaşayır. Narazılıq, həyəcan olmasa, nəsil verir, yox, əgər həyəcan varsa, ərazidən köçüb gedir. Çox həssas heyvandır. Amma qorundu, saxlandı, ən böyük nailiyyətimiz Acınohur oldu. Qobustan rayonunun ərazisinə də buraxıldı. Abşeron Milli Parkında bərpa olundu”.

İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu

A.Muradovun sözlərinə görə, ölkəmiz qonşu Gürcüstanın da ərazisində ceyranların bərpasına kömək edib: “Oradakı ceyranlar həm onların, həm də bizimdir. Söhbətimizin əvvəlində digər növlərin bərpasından danışmışdıq. Həmin növləri də bərpa etmək müəyyən maliyyə tələb edir, müəyyən maneələrdən keçir. Ancaq onun əsas məqsədi onu gətirib buraxmaq deyil, əsas məqsəd onları yaşada bilməkdir. Onların dərdini bilməlisən, onlar ərazilərə uyğunlaşmalıdır. O ərazilərdə monitorinqlər keçirilməli, stabil olaraq yoxlamalar aparılmalı, populyasiyanın durumu öyrənilməlidir, necə ki, hal-hazırda İsmayıllı rayonunun ərazisinə buraxılan bizon qrupunun daimi müşahidələri aparılır və monitorinqləri olacaq. Bu heyvanların bizim rayonda, dağlarımızda bərpa olunması bizim başımızın ucalığıdır, həm də turizmin inkişafına böyük dəstək verəcək. Turizmi daha da maraqlı edə bilərik. Bunun üçün İlisu Dövlət Təbiət Qoruğunun da tezliklə milli park olması zəruridir”.

Şahpəri Abbasova, Sputnik Azərbaycan