Qax Dövlət Kukla Teatrı Yeni il münasibətilə uşaqlara əyləncəli bayram proqramı təqdim edib

23:32 | 4 Yanvar, 2020

Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi Yeni ilin gəlişi münasibətilə uşaqları maraqlı bayram proqramı ilə sevindirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 31-dən davam edən bayram şənliklərinə yüzlərlə uşaq qatılıb. Xüsusi proqram əsasında hazırlanmış tamaşanın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edib, onlarla birgə əylənib.

Sonra uşaqlar “Günəş və qar adamları” nağıl-tamaşaya baxıblar. Tamaşanın rejissoru Araz Mehrablı, musiqi tərtibatçısı Nicat Fətəliyev, rəssamı Günel Babayevadır. Rolları Azər Kərimov, Afət Yaqubova, Nuru Mustafayev və başqaları oynayıblar.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, 2020-ci ildə bu sənət ocağında 4 tamaşanın hazırlanması nəzərdə tutulur. Yaradıcı kollektiv yaxın günlərdə “Turp” rus xalq nağılı əsasında səhnələşdiriləcək tamaşanın məşqlərinə başlayacaq.

Facebookda şərh edin