Azər Kərimli: “İtaliya Parlamentinin üzvləri seçkiləri müşahidə etmək üçün Azərbaycana gələcəklər”

14:18 | 9 Yanvar, 2020

Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq təşkilatlar da izləyəcək.

Modern.az saytı seçkiləri müşahidə etmək üçün Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərləri ilə əlaqə saxlayıb.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, hər bir beynəlxalq təşkilata rəsmi dəvətnamə göndərilib:

“ATƏT-in Demokratik Təsisatlar İnstitutuna və ATƏT-in Parlament Assambleyasına rəsmi dəvət göndərilib. Onlar da seçkilərdə iştirak edəcək”.

Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidov da beynəlxalq təşkilatların iştirak edəcəyini deyib:

“Azərbaycan parlamentində 80-nə yaxın dostluq qrupu var. Seçkilərin müşahidəsi ilə bağlı rəsmi olaraq Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-ə, Təsisatlar Bürosuna müxtəlif beynəlxalq təşkilatlara rəsmi dəvətimizi göndərmişik. Onların hər biri iştirak edəcək”.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli isə İtaliyadan Azərbaycana gələcək şəxslərin adlarını açıqlayıb:

“İtaliya Parlamentindən Lega Salvini partiyasının üzvü, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Rossana Boldi, Forza İtaliya Partiyasından, dostluq qrupunun üzvü Maria Rizzotti və Lega Salvini Partiyasından, İtaliya Parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Paolo Grimoldi seçkiləri müşahidə edəcək”.

Facebookda şərh edin