Qaxda Milli Məclisə seçkilərə hazırlıq MSK-nın təqvim planına uyğun davam etdirilir

16:55 | 9 Yanvar, 2020

112 saylı Qax seçki dairəsində bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun davam etdirilir.

Dairə seçki komissiyasının katibi İlqar Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə namizədliyini irəli sürmək üçün imza vərəqələri verilən 10 nəfərdən 9-u seçici imzaları toplayaraq sənədləri artıq komissiyaya təqdim edib. Bu günədək onlardan 4-nün namizədliyi qeydə alınıb. Digərlərinin sənədlərinə isə hazırda komissiyada baxılır. Namizədliyi irəli sürülənlərdən 2 nəfəri YAP və Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir. Digərlərinin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.

Komissiyanın katibi bildirib ki, dairənin tərkibinə daxil olan 58 seçki məntəqəsinin hamısı lazımi avadanlıq, rabitə və digər texniki vasitələrlə təmin edilib. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 42 min 837 seçici qeydə alınıb.

Facebookda şərh edin