“Məktəb zamanı gəldi…” – Hər gün məktəbə çatmaq üçün 6 km yol getməli olan balaca qaxlı qız

18:17 | 9 Yanvar, 2020

Çox vaxt uşaqlarımız üçün evimizin yaxınlığında yerləşən məktəblərdən birini seçməyə çalışırıq. Məktəb uzaqda yerləşirsə, onlar üçün rahat marşrut düşünürük. Qax rayonu sakini olan Gülçin Ziyadlı isə tamamilə başqa reallıqla üz-üzə gəlməli olur. Özü də hər gün!

Gülçin Ziyadlı Qax rayonu Uzuntala kəndində yaşayır. Amma oxuduğu məktəb Qara Tala kəndində yerləşir. Və o, hər səhər saat 6-da durmalıdır ki, 6 kilometrlik yolu ayaqla qət edərək məktəbə çata bilsin.

“Hər gün saat 7-də evdən çıxıram. Məktəbə getmək üçün 3 kənd keçirəm”, – deyə balaca Gülçin bizimlə bölüşüb.

Uzuntala kəndindəki məktəb 4 illikdir, buna görə də şagirdlər təhsili davam etdirmək üçün başqa kəndlərdəki məktəblərə müraciət etməli olurlar. Gülçin 4 bacı arasında ən kiçiyidir. Anası Kəmalə Ziyadova deyir ki, böyük qızı artıq məktəbi bitirib və təhsilini texnikumda davam etdirir. O, digər üç qızı da oxutdurmağı özünə borc sayır.

Məktəbə gedən yolda Gülçin müxtəlif təhlükələrlə də qarşılaşmalı olur. Bəzən qabaqlarına küçə itləri çıxır. Bir dəfə isə ayaqqabısı cırıldığı üçün evə, demək olar ki, ayaqyalın qayıtmalı olub.

Amma qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, Gülçin əzmlə təhsil almağa davam etməyə qərarlıdır, çünki onun arzusu böyüyəndə bağça müəllimi olmaqdır.