Deputatlığa namizəd Limunət Əmrahlı: “Mən zəif deyiləm, özümü deputatlığa tam hazır bilirəm”

23:29 | 10 Yanvar, 2020

“Müsavat” partiyasının 112 saylı Qax seçki dairəsindən deputatlığa namizədi, əslən Qax rayonundan olan tanınmış psixoloq Limunət Əmrahlı ötən gün özünün Facebook səhifəsində barəsində yazılanlara münasibət bildirib. Onu zəif namizəd kimi təqdim edənlərə səbrli olmağı tövsiyyə edən Limunət Əmrahlı seçki təbliğat-təşviqat dövründə öz gücünü göstərəcəyinə də eyham vurub:

“Əziz qaxlılar!

Ölkədə maraqlı və gərgin bir dövr başlayıb. Mili Məclisə seçkilər keçirilir. Hər kəs namizədlər haqqında öz münasibətini bildirir, şəxsi nöqteyi-nəzərindən təhlillər aparır.

O cümlədən, 112 saylı Qax rayon seçki dairəsindən irəli sürülən namizədlər haqqında qeyri-dəqiq, həqiqətə uyğun olmayan informasiyalar yayılır. Bu fonda bəzi şəxslər mətbuat orqanlarında məni ən zəif namizədlər sırasında təqdim edərək seçicilər arasında yanlış rəy formalaşdırmaq xətti götürülüblər.

Mən tələsmirəm! Siz də tələsməyin! Hər şeyin öz vaxtı var. Seçki qanununa hörmətlə yanaşaraq bu informasiyalara münasibət bildirmirəm.

Doğrudur! Qax gəncləri arasında yaxşı tanınmaya bilərəm. Çünki həyatımın son 20 ilini ölkə paytaxtında yaşamışam, fəaliyyət göstərmişəm. Bu fəaliyyətin də nədən ibarət olduğunu biləcəksiniz.

Məni zəif namizəd kimi təqdim etməyə çalışanlar bilsinlər. Deputat olmaq mənim üçün bir çoxları kimi şans, vəzifə, komfort həyat, təhlükəsizlik demək deyil – məsuliyyətdir. Xalqın, Azərbaycanın, qaxlıların qarşısında daşıyacağım məsuliyyət.

Bunu bütün varlığımla dərk edir və özümü buna hazır bilirəm. Heç kimin bilmədiyi və bacarmadığı qədər.

Əmin olun!”