Qaxın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

16:04 | 11 Yanvar, 2020

Qax rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 13 min 26 hektar sahədə taxıl əkilib. Son aylar havaların quraq və mülayim keçməsi səbəbindən bəzi təsərrüfatların payızlıq taxıl sahələrində, həmçinin meyvə bağlarında ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, hazırda rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən taxıl sahələri və meyvə bağlarında fitosanitar müşahidə tədbirləri davam etdirilir.

Mərkəzin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, siçanabənzər gəmiricilərin yayılmasını müəyyən etmək məqsədilə qurum tərəfindən ötən ilin oktyabr-dekabr aylarında, həmçinin bu il yanvarın əvvəllərində 10 min 685 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 7 min 311 hektar taxıl və 196 hektar çoxillik otlaq sahələri, 210 hektar meyvə bağı olmaqla, ümumilikdə, 7 min 717 hektarda iqtisadi ziyanvurma həddində sirayətlənmə aşkar edilib.

Qurum rəsmisinin sözlərinə görə, dövlət tərəfindən verilən, həmçinin təsərrüfat subyektləri hesabına alınan sink-fosfid preparatı ilə zəhərli aldadıcı yem tətbiq olunmaqla indiyədək 3 min 962 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Aparılmış mübarizənin 3 min 85 hektarı payızlıq taxıl sahələrində olub. Kimyəvi mübarizənin bioloji səmərəliliyi 92 faiz təşkil edib.

Facebookda şərh edin