Qaxlı gənclər ətraf mühitin mühafizəsi işinə öz töhfələrini verirlər

15:01 | 13 Yanvar, 2020

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzində gənclərin könüllülük prinsipi əsasında “Eko klub” yaradılıb. Əsas məqsəd insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək, ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Mərkəzin könüllülərinin iştirakı ilə Qax şəhərinin yeni yaşayış massivində təmizlik işləri aparılıb, böyük bir ərazi tullantılardan təmizlənib. Toplanan zibil və tullantılar poliqona təhvil verilib.

Mərkəzin direktoru Elmir Həşimlinin sözlərinə görə, belə tədbirlər davamlı xarakter daşıyacaq. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Mərkəz tərəfindən növbəti günlərdə “Gənc istedad”, “Kitab klubu”, “Könüllü qonaq” və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Facebookda şərh edin