Subsidiyaların verilməsi Qaxda heyvan sahiblərinin süni mayalama tədbirlərinə marağını artırıb

19:13 | 13 Yanvar, 2020

2019-cu ildə Qax rayonunda 4091 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 404 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə 2018-ci illə müqayisədə 157 baş artaraq 2654 baş olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Vidadi Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ötən il Qax rayonu üzrə 2261 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan cinsi yaxşılaşdırılmış buzovlara görə 263 min 800 manat subsidiya hesablanıb. Subsidiyanın 239 min 800 manatı ilin sonunadək heyvan sahiblərinə ödənilib. Qalan 24 min manat vəsaitin bu ilin birinci rübü ərzində ödənilməsi təmin ediləcək.

Baş məsləhətçinin məlumatına görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 4 ildə Qax rayonunda süni mayalama yolu ilə alınan 6 min 966 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 696 min 600 manat subsidiya ödənilib.