Deputatlığa namizədlərə pul veriləcəkmi? – RƏSMİ AÇIQLAMA

02:02 | 14 Yanvar, 2020

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı artıq 1047 nəfəri qeydə alınıb. Hazırda maraq doğuran məsələlərdən biri də qeydə alınmış namizədlərin təbliğat kampaniyasında dövlət tərəfindən dəstəyin verilib-verilməməsidir.

Məsələ ilə bağlı Axar.az-a danışan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, qeydə alınmış namizədlərə təşviqat üçün ödəniş olunması ilə bağlı qanunvericilikdə heç bir maddə yoxdur:

“Bir dəfə 2005-ci ildə namizədlərə bir milyon manat (200 AZN) ödəniş olunub. Bu da inflyasiyadan əvvəl idi. Hazırda isə hər hansı ödənişin edilməsi nəzərdə tutulmayıb”.

Hüquqşünas Fərhad Mehdiyev isə bildirib ki, yalnız prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərə ödəniş edilir.

Qeyd edək ki, 2005-ci ildə deputatlığa namizədliyi qeydə alınmış şəxslərə bir milyon (200 AZN) manat dəstək göstərilmişdi. Seçkilərdə seçicilərin 3%-dən çoxunun səsini alan namizədlərə bu pul bağışlanırdı, 3%-dən az səs toplamış namizədlər isə vəsaiti geri ödəməli idi.