İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyev nazirliyə çağırıldı – imzatoplama prosesində iştirakına görə töhmət verilib

19:36 | 16 Yanvar, 2020

Xatırladaq ki, 6 Yanvar tarixində dərc etdiyimiz “Deputat Azər Kərimlinin imzatoplama prosesində kobud qanun pozuntusu – namizədliyinin qeydə alınmaması üçün ciddi əsas”  başlıqlı yazı dərc edildikdən sonra Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyevi nazirliyə dəvət edərək, ona ciddi xəbərdarlıq edib və bir daha hər hansı deputatlığa namizədin seçki təbliğat-təşviqat kampaniyasında iştirak etməməsi barədə ciddi tapşırıq verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın Qax.org.az saytına göndərdiyi rəsmi müraciətdə bildirilir: “Bildiririk ki, İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyevin davranış və hərəkətləri hadisənin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinə (dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir) əsasən tövsif edilməsi üçün zəmin yaratma və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafeyinə, nüfuzuna xələl gətirilə bilinmə ehtimalı nəzərə alınmaqla o, Nazirliyə dəvət olunaraq ona ciddi xəbərdarlıq edilib, ondan məsuliyyətli davranış tələb olunub.”

Qeyd edək ki, Azərbaycan Qanunvericiliyinə görə, dövlət məmurları, habelə bələdiyyə işçiləri və hüquqi şəxslər hər hansı deputatlığa namizədin imzatoplama kampaniyasında, o cümlədən təbliğat-təşviqat prosesindən iştirak edə bilməz və bu, qanunla yolverilməzdir.

Buna baxmayaraq, Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov qanunları çeynəməkdə davam edir və əldə etdiyimiz məlumata görə, 18 Yanvar tarixində saat 11:00-da Qaxda yerləşən El Resort Hotelində deputatlığa namizəd Azər Kərimlinin rayon idmançıları ilə görüşü keçiriləcək və görüşün əsas təşkilatçısı Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramovdur. Məsələ ilə bağlı aidiyyatı nazirliyin adekvat addım atacağına ümid edirik.

Qax.org.az

Facebookda şərh edin