Limunət Əmrahlı qaxlılara müraciət etdi: “Həmin şəxslərin ölkəni hansı vəziyyətə gətirb çıxardıqları göz qabağındadır”

02:00 | 18 Yanvar, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, “Müsavat” partiyasının üzvü Limunət Əmrahlı özünün Facebook sosial şəbəkəsində Qax sakinlərinə müraciət edib. Deputatlığa namizədin müraciətini olduğu kimi təqdim edirik:

“Salam, Qax əhli! Mən – Limunət Əmrahlı.
Tarixən biz qaxlılar üçün söz- qanun olub. Bu, qaxlıların psixologiyasına xas olan ən gözəl keyfiyyətlərdən biridir. Söz verdin, gərək əməl edəsən. Mən də özümdə bu xüsusiyyəti daim qoruyub saxlamışam. Şablon, qəliblənmiş, xoşagələn təəssürat yaratmaq üçün ötəri fikirlər söyləməyi heç sevmədim. Yalan vədlər vermədim, vermərəm də. Münasibətdə olduğum insanlar məni həmişə bu keyfiyyətimə görə dəyərləndiriblər.

Seçkidə bitib, qalan 5 il müddətində itən namizədlərin boş vədlərinə inanmayın. Onlar sizə deyil, təmsil etdikləri şəxs və ya şəxslərə xidmət göstərəcəklər. Həmin şəxslərin ölkəni hansı vəziyyətə gətirb çıxardıqları göz qabağındadır.

Bu həqiqətlər hər kəsə bəllidir. Təhsilimizdən başlayaraq, səhiyyəmizə, mədəniyyətimizə, qida sənayemizə, ümumiyyətlə, bütün sahələrdə baş alıb gedən rüşvət, korrupsiya, məmur özbaşınalığı barədə ötəri danışıb yağlı vədlər verməklə Millət Vəkiliyinə iddialı olmaq bir araya sığmır. Özümüzü tərifləyib göylərə qaldırmaqla, “Azərbaycan gündən -günə çiçəklənir”, “iqtisadi gəlirlərimiz artır”, “Öllkədə islahatlar gedir” deməklə inkişaf olmur.

Ona görə də Azərbaycanın və Qaxın gələcəyi üçün nələrisə müsbətə doğru dəyişmək üçün cəsarətli tələblər irəli sürüb təkidli şəkildə onların həllinə çalışacağına əmin olduğunuz insanı seçin.

Əziz qaxlılar! Mən sizlərin hələ də Qafqaz xalqlarına xas olan keyfiyyətlərə, dəyərlərə sadiq olduğunuza, doğrunu-yalandan ayıracağınıza, ədalətli seçim edəcəyinizə əminəm. Bu seçki ölkədə demoqratik dəyişmələrin aparılması üçün bizə verilən imkandır. Seçimdə yanılmayaq”

Facebookda şərh edin