Deputatlığa namizəd Limunət Əmrahlı rəqibi Azər Kərimliyə müraciət etdi: “Namizədliyinizi geri götürün!”

01:48 | 30 Yanvar, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, “Müsavat” partiyasının üzvü Limunət Əmrahlı rəqibi, 20 ildir Qaxın deputatı olan Azər Kərimliyə müraciət edib. Müraciətdə deyilir:

“Seçkiyə qoşularkən ilk növbədə Azərbaycanın müstəqilliyi dövründə Qax rayonundan deputat olmuş millət vəkillərini xatırladım. Onlardan nümunə götürüləcək məqamları araşdırmağa çalışdım. Bu dövr gözümün qarşısından kino lenti kimi gəlib keçdi.

2000-ci ilə qədər Qaxımızı təmsil edən deputatlar yaxşı yadımdadır. Rayonumuz üçün nümunəvi deputat ola bilməsələr də onlardan nümunə götürüləcək mühüm və müsbət cəhətlər var. Hamımız üçün anlaşıqlı olması üçün həmin cəhəti bu deyimlə ifadə edərdim: “Nə vurub yıxdırmadılar, nə də tutub durquzmadılar”. Ən mühümü, ölkədə tüğyan edən korrupsiya çirkabına bulaşmadılar. Özlərini əsil qaxlılar kimi, ağayana, nəfsitox, intellektual apardılar. Bu, əlbəttə ki, onlardan götürüləcək ən gözəl nümunədir.

Son 4 çağırıç millət vəkilimiz olmuş Sizə gəldikdə, vəziyyət başqadır.

Şəxsən tanış deyilik. Heç bir münasibətimiz, ünsiyyətimiz olmayıb. Milli Məclisi televiziyada göstərəndə hərdən maraqlanırdım ki, “Bizim deputatımız harada oturub, hansı vacib məsələ ilə bağlı çıxış edib və s.” Təəssüf ki, bu suallara cavab olacaq bir hərəkətlilik görməmişəm. Səsinizi də eşitməmişəm.

Səsiniz hazırkı seçki kompaniyası dövründə çıxdı. Yəqin yenə də çıxmazdı. Ölkədə seçki ənənələrində fərqli situasiya yaranmasaydı.
Yenə də susqunluqla gələcəkdiz. Ətrafınızda toplaşmış bir neç məmurla gərüşəcəkdiz. Əl sıxacaqdız. Bilmirəm, öz aranızda bu mötəbər kürsünün dəyəri üzərində hansı sövdələşmə gedəcəkdi. Beləcə Qax rayonunun sakinlərinə, 18 yaşdan yuxarı hər kəsin səsinə, seçiminə, istəyinə, tələbinə, hüququna aid olan millət vəkilliyi kürsüsü daha 5 ilə əziyyəsiz, maneəsiz Sizə “ərməğan” ediləcəkdi.

İndi situasiya dəyişib. Rəqabət, maneələr çoxdur.
Yanvar ayının 17-dən dünənə qədər seçki qərargahımızın üzvləri ilə Qax rayonunda yerləşən 42 məntəqədə olduq. Yüzlərlə seçicilərlə ünsiyyət qurduq. Onların seçki haqqındakı rəylərini dinlədik. Çağırışlar etdik. Seçkiyə gəlməyin vacibliyini söylədik.
Əvəzində gördüyüm, izlədiyim reaksiyalar məni çox sarsıtdı. Öz həmyerlilərimi heç zaman belə çarəsiz, ümidsiz, cəsarətsiz görməmişdim. Onları nədən bu vəziyyətə saldınız, niyə hüquqlarını bunca tapdalayıb dəyərsiz etdiniz?!!!

Əslində, inkişaf etmiş ölkələrdə idarəetmə sistemləri elə qurulub ki, əhali və dövlət qurumları arasında bir elçi, koordinator, əlaqələndirici funsksiyasını yerinə yetirən qurum və onun təmsilçiləri də vardır. Azərbaycanın idarəetmə sistemində onlar – millət vəkilləridir. Yəni – millətin vəkili, elçisi.
Qax rayonunun elçisi adlanan siz – Azər Kərimli isə, demə bu 19 ildə mənim həmvətənlərimin nəinki elçisi, başının bəlası olubmuş.

Qaxda 19 il ərzində nələr etdiyinizi hamı deyir, hamı yazır, hamı bilir. Mən də bildim, bilmədiklərimi də araşdırıram. Şəxsi həyatınız istisna olmaqla.

İndi isə mətləbə gələrək Sizə müraciət edirəm.

Azər Kərimli!

Artıq 19 ildə Qax rayonu üçün yaxşı-pis edəcəyinizi etmisiniz. Yəqin ki, pislikləri xatırlamaq istəmirsiniz. Yaxşılarını isə həvəslə videokameralara çəkdirib təbliğat prosesi üçün istifadəyə buraxırsınız. Yaxşılıq etdiyimiz insanlar durmadan sizi təbliğ edir, tərifləyir, ən layiqli millət vəkili olduğunuzu deyirlər.
Bu arada, mənim şəhid olmuş qayınımın məzarı ilə birlikdə Cəlayır kəndində 7 şəhid qəbrinin üstünü də təmir etdirmisiniz. Bunu da təbliğat materiallarınıza daxil etməyi unutmayın. Köməkçiniz Osmanov Vüqarı yollayıb ağbirçək ananı məzarlığa aparıb müsahibə də götürtmüsünüz. Nədən həmin çəkilişi hələ qaxlılara göstərməmisiz?
Səsinizlə kadrları müşayiət etməyi də unutmayın. Deyin ki, Cəlayır kənd icra nümayəndəliyinin, rayon rəhbərliyinin pulu olmadı, olsa da qıymadılar. Ancaq gərək təkcə mənim qayınanamdan deyil, orada uyuyan daha 6 nəfərin ailə üzvlərindən də müsahibə götürtdürəydiniz. Daha gürültulu, daha təsirli alınardı.

Belə-belə işlər görmüsünüz. Qurduğunuz bizneslə sizi seçdirənlərə dəstək olmusunuz. Başadüşüləndir. Ancaq, yuxarıda qeyd etdiyim kimi, millət vəkili olaraq sizdən nəyi nümunə götürəcəyimi hələ də müəyyən edə bilmirəm. Məgər bu işlərlə millət vəkilimi məşğul olmalıdır. Sizin yaxşılıq etdiyiniz 100-200 Qax sakini varsa, bəs yerdə qalanlar? 19 ildə bircə dəfə ayaq basmadığınız, yolu bərbat, qazı, suyu, məktəbi, heç bir sosial obyekti olmayan kəndlər? Qax rayonunun yerdə qalan 58 min sakini? Onlar üçün nə iş gördünüz ki, hər kəsə aid olsun?….

Nələr etmək olardı, etmədiniz bu artıq sonrakı mövzudur. Bu mövzuların necə ifadə edilməsi artıq sizin qərarınızdan asılı olacaq.
İndi isə Sizdən xahiş edirəm! Namizədliyinizi geri götürün! Ürəyiniz kimi istəyirsə, sizə rəğbəti olanları ona səs verməyə çağırın. Özünüz isə, Qax rayonundan gedin! Əgər bunu etsəniz, Siz nəinki Qax rayonunun əhalisi, Azərbaycan üçün ən sivil, ən nümunəvi bir ənənə yaratmış olacaqsınız. Sizə qarşı söylənilən ittihamlar, iradlar, bəlkə də bilmirsiniz, bəslənilən nifrət azalcaq, yox olacaq. Hər kəsin xatirəsində mədəni və anlayışlı şəxs kimi qalacaqsınız.

Əksinə bütün maliyyə və insan resurslarınızı hərəkətə gətirib bir daha, bilmirəm, qisas almaq, nəyi isə düzəltmək, acıq çıxmaq, qalib olduğunuzu sübut etmək üçün davam etsəniz, hətta, özünüzü seçdirsəniz belə (qaxlılar Sizi seçməyəcək, bunu qətiyyətlə və əminliklə deyirəm, ətrafınızdakılar Sizi aldadırlar) bu uzun sürməyəcək. Nələrin baş verəcəyini artıq təxmin edirəm. Qaxlılar, onların heysiyyatı ilə oynamağınızı, çoxsaylı yanlışlıqlarınızı sizə bağışlamayacaqlar! Mən – heç bağışlamayacağam. Namizədliyinizi geri götürün!

Limunət Əmrahlı”

Facebookda şərh edin