112 saylı Qax seçki dairəsinin məntəqələri səsverməyə hazırdır

01:10 | 8 Fevral, 2020

112 saylı Qax seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri tam başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.

Dairə seçki komissiyasının sədri Abdukərim Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 58 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 42 min 870 nəfərdir. Onlardan 91 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

Komissiya sədrinin sözlərinə görə, dairə üzrə 9 nəfər namizəd qeydə alınıb. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Səkkiz nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə 772 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

AZƏRTAC-ın bölgə müxbiri dairənin tərkibində olan 2 və 4 saylı seçki məntəqələrində olub, seçkilərə hazırlıq vəziyyəti ilə maraqlanıb.

2 saylı seçki məntəqəsi şəhərdəki 2 nömrəli məktəb-liseyin binasında yerləşir. Burada parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Abdulla Orucovun məlumatına görə, məntəqə üzrə 1143 seçici qeydə alınıb. Onlardan 18 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. 84 yaşlı Fikrət Adaşov əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də səsvermədə şəxsən iştirak edəcəyini bildirib.

Dairənin tərkibindəki 4 saylı seçki məntəqəsində də Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Musa Musayevin bildirdiyinə görə, artıq bütün seçicilərə səsvermənin vaxtı və yeri barədə bildirişlər paylanılıb.