Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri uşaq bağçasında balacaları sevindiriblər

18:58 | 8 Fevral, 2020

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzi “Rəngarəng gəncliyimiz” adlı yeni layihənin icrasına başlayıb.

Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində könüllülər Qax şəhərindəki 2 nömrəli uşaq bağçasının həyətindəki oturacaq və yelləncəkləri al-əlvan rənglərlə boyayıblar. Layihənin keçirilməsində məqsəd gəncləri insanlara faydalı ola biləcək işlərə cəlb etmək, balacaları sevindirməkdir.

Direktor qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar belə tədbirlər davamlı xarakter daşıyacaq. Növbəti günlərdə “İşgüzarlar klubu”, “Trashtag”, “Kəndimizin ritmi”, “Sərhədsiz gəncliyimiz” və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.