Qax məktəblilərinə sağlam qidalanma vərdişləri haqqında məlumat verilib

22:39 | 18 Fevral, 2020

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində regionlarda yerləşən ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Layihə çərçivəsində növbəti görüşlər Qax rayonundakı F.Babayev adına 4 nömrəli və T.İsmayılov adına 5 nömrəli tam orta məktəblərin şagirdləri ilə keçirilib.

Görüşdə şagirdlərə sağlam qidalanma vərdişləri və qida təhlükəsizliyində ictimai nəzarətin vacibliyindən danışılıb, bu sahədə hazırlanan videoçarxlar nümayiş olunub. Agentliyin regional bölmələrinin əməkdaşları məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast-foodun zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçiriblər.

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Facebookda şərh edin