Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayonunda yeni inzibati binası açılıb

16:22 | 19 Fevral, 2020

Fevralın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qax rayon bölməsinin yeni tikilmiş inzibati binası istifadəyə verilib.

Açılış mərasimlərindən əvvəl ulu öndər Heydər Əliyevin Qax şəhərində ucaldılan abidələri önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SHXÇDX-nin Qax rayon bölməsinin inzibati binasının açılış mərasimində çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin hərbi-siyasi və iqtisadi qüdrətinin ildən-ilə gücləndiyi qeyd olunub. “Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, son illər səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm nailiyyətlər qazanılıb”, – deyə Arzu Rəhimov vurğulayıb.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bölmənin şəxsi heyətini yeni binanın açılışı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının regionların sosial-iqtisadi inkişafında yeni mərhələ açdığını bildirib.

Binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, Xidmətin Qax rayon bölməsinin ümumi sahəsi 1296 kvadratmetr olan ikimərtəbəli binası rayon hərbi həkim komissiyası üçün iş kabinetləri də daxil olmaqla, 26 otaq və 1 iclas zalından ibarətdir. Bina müasir standartlara və tələblərə uyğun inşa edilib, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqla tam təchiz olunub.

Qax şəhərinin Heydər Əliyev prospektində inşa edilən inzibati bina öz gözəlliyi ilə şəhərin ümumi arxitekturasına xüsusi rəng qatır.

Facebookda şərh edin