Qaxda Xocalı faciəsinin ildönümünə həsr olunan “Xəmsə” yarışında 16 komanda mübarizə aparıb

19:52 | 22 Fevral, 2020

“Xəmsə” milli intellektual oyunu üzrə 9-10 yaşlı məktəblilər arasında Qax rayon birinciliyinə yekun vurulub.

Rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub. Qax şəhər 4 saylı tam orta məktəbdə təşkil edilən bilik yarışında rayonun ümumtəhsil məktəblərini təmsil edən 16 komanda mübarizə aparıb.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, uşaq, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıyır.

Yekun nəticələrə əsasən, Qax şəhər 2 saylı məktəb-liseyin “Planet” komandası birinciliyin qalibi adını qazanıb. Şəhər 4 saylı tam orta məktəbin “Şimşək” və 5 saylı tam orta məktəbin “Zəka” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Birinciliyin qalibləri diplomlarla mükafatlandırılıblar.

Facebookda şərh edin