Qaxın təhsil müəssisələri dezinfeksiya olunur

22:04 | 5 Mart, 2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax rayonunun ümumtəhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu günədək 22 ümumtəhsil məktəbində və 2 məktəbdənkənar müəssisədə dezinfeksiya işləri aparılıb. Dezinfeksiyaedici tədbirlərin martın 9-dək başa çatdırılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, martın 5-də rayonun ən böyük təhsil müəssisələrindən olan şəhər 2 nömrəli məktəb-liseydə, Əmircan və Meşəbaş kənd ümumi orta məktəblərdə, həmçinin Uşaq-Gənclər İdman və Uşaq-Gənclər İnkişaf mərkəzlərində dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, dezinfeksiyaedici tədbirlər rayonun bütün ümumtəhsil müəssisələrini əhatə edəcək.

Şöbədən bildirilib ki, Təhsil Nazirliyinin 2020-ci il 24 fevral tarixli təlimat məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagird və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər, ekskursiyalar məhdudlaşdırılıb.

Facebookda şərh edin