Qaxda tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş iclas keçirilib

22:08 | 5 Mart, 2020

Ölkədə tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin hədəflərinin müəyyən etmək, mövcud çətinliklər və onların həlli məqsədilə Oğuz və Qax rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, İqtisadiyyat Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri, tütün istehsalçıları iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Oğuz və Qax rayonlarında tütün istehsalının artırılması üçün mövcud imkanlardan səmərəli istifadə, toxum, texnika, mineral gübrələrlə təminat, tütünün tədarükü, satışı və emalı ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, tütün istehsalının artırılması üçün yerli istehsalçıların və aidiyyəti qurumların nümayəndələrinin təklifləri mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Oğuz və Qax rayonlarının tütün qəbulu və emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi, tütünçülük təsərrüfatlarının ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında müqavilə şərtləri və digər məsələlər müzakirə olunub. Tütün toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Facebookda şərh edin