Qax rayonu üzrə bu günədək 7 mindən çox fermer elektron sistemdə qeydiyyatdan keçib

13:31 | 14 Mart, 2020

Qax rayonunda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsi davam edir. İndiyədək Qaxdan olan 2238 fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Qax rayonunda indiyədək elektron sistemdə 7034 fermer öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 5191 nəfəri payızlıq əkinlərini bəyan edib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə bu günədək qaxlı fermerlərin mülkiyyət hüququna dair 12246 sənədi yüklənib. Bu sənədlərdən 10896-sı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən təsdiq olunub. İndiyədək 3341 fermerin kartına subsidiya köçürülüb. 2238 fermer “Kapital Bank”ın rayon filialından “Fermer kartı”nı götürərək, subsidiya vəsaitindən istifadə edib.

Sektor müdirinin sözlərinə görə, artıq yazlıq əkinlərin bəyan edilməsi işlərinə də başlanılıb.

Facebookda şərh edin