Qax şəhərində Bayraq Günü münasibətilə bayram tədbiri keçirilib

23:21 | 9 Noyabr, 2018

Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da Qax şəhərində keçirilən bayram tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qax şəhərinin girişindəki Bayraq Meydanı kompleksində keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzi olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılması bayrağa olan sevgimizin bariz nümunəsidir.

Sonra tədbir iştirakçıları Bayraq Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, Bayraq Meydanı kompleksi 2017-ci il avqustun 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Facebookda şərh edin