Qaxın mədəniyyət işçiləri “DOST xonçası” ilə aztəminatlı ailələrə qonaq gediblər

17:39 | 19 Mart, 2020

Novruz bayramı xalqımızın qədimdən bugünədək qoruyub saxladığı milli adət-ənənələrimizdəndir. Bu bayramın kökündə baharın gəlişini qeyd etməklə bərabər, ahıl, kimsəsiz insanlarla görüşmək, bayramlaşmaq, imkansız ailələrə kömək göstərmək, onları bayram sovqatı ilə sevindirmək kimi xeyirxah adətlər dayanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun mədəniyyət müəssisələri də Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı və Mədəniyyət Nazirliyinin də qoşulduğu “DOST xonçası” kampaniyasında həvəslə iştirak edirlər. Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon nümayəndəliyi üzrə mədəniyyət müəssisələri bu kampaniyaya dəstək olaraq, Qax şəhərində yaşayan aztəminatlı Məmmədovalar ailəsinə, həmçinin gözdən əlil, tənha ağbirçək Mədinə xanıma qonaq gedərək, onları Novruz bayramı münasibətilə təbrik edib, maddi yardım göstərib, bayram hədiyyələri ilə sevindiriblər.

Ailə üzvləri belə gözəl təşəbbüsə və Novruz təbrikinə görə mədəniyyət işçilərinə minnətdarlıqlarını bildiriblər.

Regional İdarənin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova bildirib ki, bu nəcib təşəbbüs xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından, ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gəlir.

Facebookda şərh edin