YAP Qax rayon təşkilatının könüllüləri koronavirusun yayılmasına qarşı aksiyaya fəal qoşulublar

14:05 | 24 Mart, 2020

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə startı verilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya partiyanın Qax rayon təşkilatının könüllüləri də fəal qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində YAP rayon təşkilatının könüllüləri martın 23-də aztəminatlı ailələrin, qayğıya ehtiyacı olan yaşlı insanların evlərində olub, onlara tibbi spirt, maska, əlcək, maye sabun və digər gigiyenik vasitələr paylayıblar. Vətəndaşlar koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən təxirəsalınmaz və qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlandırılıb, onlara virusa yoluxma hallarının baş verməməsi üçün gigiyena qaydalarına düzgün riayət etmələrinin əhəmiyyəti barədə tövsiyyələr verilib.

Sakinlər bu nəcib aksiyaya görə gənclərə minnətdarlıqlarını bildiriblər.

Aksiya çərçivəsində tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Facebookda şərh edin