Son illər Qax rayonunda 74 subartezian və artezian quyusu qazılıb

19:41 | 25 Mart, 2020

Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, son illər Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına respublikamızın ayrı-ayrı rayonlarında yüzlərlə yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. 2020-ci ildə suvarma üçün 400-dən çox subartezian quyusunun qazılması nəzərdə tutulur.

Son illər respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da bu sahədə xeyli iş görülüb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, qurum tərəfindən 2013-2019-cu illər ərzində Qax rayonu ərazisində 74 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 14-ü ötən il qazılıb.

İdarə rəisi bildirib ki, hazırda rayon ərazisində 78 subartezian və 41 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 860 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 5,1 milyon kubmetr su çıxarılıb. 2020-ci ildə rayon ərazisində daha 12 subartezian və 5 artezian quyusunun qazılması nəzərdə tutulur.

Facebookda şərh edin