Qaxın təsərrüfatlarında 1800 hektaradək sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır

21:37 | 10 Aprel, 2021

Cari ildə Qax rayonunun təsərrüfatlarında 1800 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Bir neçə gündür rayonun Turaclı, Qorağan və Qaratala kəndlərinin ərazilərindəki təsərrüfatlarda qarğıdalı əkininə start verilib. Torpaq mülkiyyətçiləri ilk günlər 50 hektaradək sahəyə qarğıdalı əkiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, fermerlər əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər.

Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artıb. Hər hektardan orta hesabla 84,3 sentner məhsul götürülüb.

Sektor müdirinin sözlərinə görə, təsərrüfatlarda tütün əkininə hazırlıq işləri də artıq başa çatdırılıb. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.

Facebookda şərh edin