Qaxda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

20:17 | 14 Aprel, 2021

Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə əlaqədar aprelin 14-də Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə keçirilən “Ziyarətə çevrilmiş ünvanlar” adlı xatirə tədbirində səsləndirilib.

Mərkəzi Kitabxanada keçirilən tədbiri MKS-nin direktoru Güllü Əhmədova açaraq, akademik Zərifə Əliyevanın mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.

Çıxışlarda vurğulanıb ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirirdi. Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.

Facebookda şərh edin