Qaxda buraxılış imtahanları karantin dövrünün tələblərinə uyğun aparılıbmı? – FOTOLAR

19:13 | 15 Aprel, 2021

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) aprelin 15-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Qax rayonunda iki mərkəz ayrılıb. Buraxılış imtahanları Qax şəhərindəki 2 saylı orta məktəb-lisey və 4 saylı tam orta məktəbdə təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahana başlamazdan əvvəl, binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 382 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 5 imtahan rəhbəri və 36 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 30 otaq ayrılıb.

AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub. Bu mərkəzdə buraxılış imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb.

İmtahan rəhbəri Rövşən Kərimovun bildirdiyinə görə, 202 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 2 rəhbər və 18 nəzarətçi-müəllim cəlb edilib.

Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, hər iki imtahan mərkəzində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Facebookda şərh edin