Şəki və Qax rayonlarında arıçı fermerlər üçün təlimlər keçirilib – FOTO

08:25 | 20 Aprel, 2021

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən şimal-qərb bölgəsində fəaliyyət göstərən arıçılar üçün “Arıçılıq mövsümünün başlanması ilə əlaqədar ilkin profilaktik tədbirlərin görülməsinə dair tövsiyələrin verilməsi” mövzusunda təlimlərə başlanılıb.

Regional mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki rayonunun Orta Zəyzid və Qax rayonunun Qaşqaçay kəndlərində keçirilən təlimlər zamanı mərkəzin mütəxəssisləri tərəfindən arıçılara yaz mövsümündə arı ailələrinə göstərilməli olan profilaktiki tədbirlər barədə ətraflı məlumat verilib. Arıçılara bildirilib ki, qışdan çıxmış qoşun sayı zəif olan arı ailələrinə qış yemi verilməlidir. Gənəyə qarşı lazım olan dərmanların və qış yeminin (kek) verilməsi ilə arı ailəsi yeni qəbul ediləcək ana arının toxum qoyması üçün lazımi hərəkətlər edir. Bu hərəkətlərə yuvaların təmizlənməsi, ana arının bəslənməsi, çiçək tozunun toplanması, yumurta qoyulacaq ərazinin stabil olaraq 37 dərəcə temperaturda saxlanması aiddir. Qulluq işlərini yerinə yetirərkən arı ailələrini təftiş etməklə ana arının olmasına əmin olmaq lazımdır. Diqqətə çatdırılıb ki, anasız arı ailəsi narahat olduğunu öz qanadlarının hərəkətləri ilə, dayanaraq xüsusi qoxu ifraz etməklə, yaşadıqları yuvanı natəmiz saxlamaqla xəbər vermiş olur.

Təlimdə fermerlərə pətəklərə baxış keçirərkən körpə sürfələrin xəstələnməməsi üçün üst qapaq örtüyünün hamısının birdən açılmaması və uçuş qapağının qarşısında durmamaq tövsiyə edilib. Belə ki, arılar uçarkən maneə ilə qarşılaşdıqda stres keçirir və sancırlar. Pətəklərə baxış keçirərkən toxumlu və sürfəli çərçivələrin sayı, pətəyin fiziki quruluşu, quru olması, ananın mövcudluğu, ailənin gücü və yem ehtiyatının yoxlanılması vacibdir. Diqqətə çatdırılıb ki, arılarda tez-tez təsadüf edilən Nozematoz (ishal) xəstəliyinə qarşı profilaktik tədbir olaraq “nozemat”, “fumidil” və digər preparatların arı yemi ilə qarışdırılıb verilməsi yaxşı effekt verir.

Təlim prosesində mərkəzin mütəxəssisləri tərəfindən arıçıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.

Facebookda şərh edin