Bu il Qaxda 473 hektar sahədə tütün əkini proqnozlaşdırılır – FOTO

09:28 | 20 Aprel, 2021

Qax rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk olaraq fermer Telman Şahmalıyevə məxsus təsərrüfatda tütün əkininə start verilib. Şotavar kəndi ərazisində yerləşən bu təsərrüfatda mövsümün ilk günündə 2 hektaradək sahəyə tütün şitilləri köçürülüb. Fermer bu il 30 hektar sahədə tütün əkməyi planlaşdırır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonun təsərrüfatlarında 473 hektarda tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari ildə əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılıb. Şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8160 kvadratmetr olan sadə istixanalar hazırlanıb.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202 tondan çox artıb.

Facebookda şərh edin