Bu il Qaxda 2,2 kilometr uzunluğunda dəmir-beton suvarma kanalları çəkiləcək – FOTO

07:28 | 22 Aprel, 2021

Torpaqların su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində mövcud torpaq kanalların beton üzlüyə alınması istiqamətində işlər davam etdirilir. Cari ilin birinci rübündə idarə tərəfindən Qax şəhərinin Qaxmuğal ərazisindəki əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanalın 70 poqonmetrlik hissəsi beton üzlüyə alınıb. Hazırda kanalın üzərindəki 6 metr uzunluğunda biraşırımlı körpünün genişləndirilməsi işləri görülür. Eyni zamanda, Ağçay kəndi ərazisindən axan Qobala çayı üzərində 200 poqonmetr uzunluğunda dəmir-beton kanalın çəkilişi işlərinə də başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda idarənin balansında 21 min 324 hektar suvarılan torpaq sahəsi var. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 264,8 kilometr uzunluğunda torpaq suvarma kanalları mövcuddur. Bu kanalların 188,8 kilometri təsərrüfatlararası, 76 kilometri isə magistral kanallardır. Su itkisinin qarşısının alınması məqsədi ilə son illər 5,8 kilometr uzunluğunda torpaq kanal beton üzlüyə alınıb. Cari ildə daha 2,2 kilometr uzunluğunda torpaq kanalın beton üzlüyə alınması nəzərdə tutulur.

Baş mühəndisin sözlərinə görə, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yanvar-mart aylarında suvarma kanallarında 60 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda, çay yataqlarında 150 min kubmetr həcmdə məcratəmizləmə işləri görülüb. Bundan əlavə, idarənin 2021-ci il üçün iş planına əsasən, birinci rübdə Kürmük çayının sahilində 325 kubmetr həcmdə daş-beton və 243 kubmetr həcmdə qabion bəndlərdə təmir işləri aparılıb.

Facebookda şərh edin