Qaxda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

17:55 | 29 Aprel, 2021

Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının fəal qadınlarının və əməkdaşlarının iştirakı ilə keçirilən “Unudulmaz alim, mehriban insan, qayğıkeş ana” adlı videokonfransda səsləndirilib.

Videokonfransı YAP rayon təşkilatının üzvü Güllü Əhmədova açaraq, akademik Zərifə Əliyevanın mənalı həyat yolundan, yorulmaz fəaliyyətindən, oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır.

Çıxışlarda vurğulanıb ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb. O, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. Zərifə Əliyevanın işıqlı xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaq.

Facebookda şərh edin